Filologiya elmləri doktoru, professor, mərhum Məmməd Cəfərzadənin (1926-1999) “Azərbaycan dilinin İmişli rayonu şivələri” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kübra Quliyeva “Tehsil365” ə bildirib ki, dialekt və şivələr dil tarixinin öyrənilməsi üçün əsas mənbədir. Məmməd Cəfərzadənin “Azərbaycan dilinin İmişli rayonu şivələri” onun namizədlik işi olub, kitab kimi filologiya üzrə fəlsəfə doktoru, dosent Vahidə Cəfərzadə tərəfindən nəşrə hazırlanıb. İmişli şivələri ilə bağlı indiyədək kitab olmamışdı. Müəllifin özünün də qeyd etdiyi kimi, “ayrı-ayrı kəndlərində, şərq, qərb, cənub qrupu dialekt və şivələrinin xüsusiyyətləri özünü göstərən, müəyyən dərəcədə həmin qruplar arasında keçid təşkil edən, indiyədək öyrənilməmiş İmişli rayonu şivələrinin tədqiq edilməsi bu cəhətdən xüsusi əhəmiyyətə malikdir”
Əsər iki hissə və 4 fəsildən ibarətdir. Birinci hissədə İmişli şivələrinin fonetikası (I fəsil), morfologiyası (II fəsil), sintaksisi (III fəsil) və leksikasından (IV fəsil) bəhs edilir. İkinci hissədə lüğət, şivələrdən toplanmış mətnlər, kənd adlarının ixtisarı, Azərbaycan, rus, türkmən və türk dillərində istifadə olunmuş zəngin ədəbiyyat verilib.

