Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, diplomat və yazıçı Vilayət Quliyevin “Bəkir Çobanzadə: Budapeşt illəri” kitabının təqdimatı keçirilib.
ADPU-dan “Tehsil365"ə bildirilib ki, tədbiri universitetin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova açaraq bu nəşrin Bəkir Çobanzadənin həyatı və elmi fəaliyyətinin araşdırılması baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, kitab alimin Budapeştdə keçirdiyi illərə, beynəlxalq akademik əlaqələrinə və türkoloji fəaliyyətinə yeni baxış təqdim edir.
Universitetin rektoru professor Cəfər Cəfərov çıxışında Vilayət Quliyevin “Bəkir Çobanzadə Budapeşt illəri” kitabını yüksək qiymətləndirərək alimin çoxşaxəli elmi-publisistik araşdırmalarından söz açıb.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədov, professor Təyyar Salamoğlu, professor Yaqub Babayev və başqaları çıxış edərək nəşrin Azərbaycan elminə mühüm töhfə olduğunu vurğulayıb, Bəkir Çobanzadə irsinin öyrənilməsində vacib mənbə olduğunu söyləyiblər.
Əsərin müəllifi Vilayət Quliyev kitabın ərsəyə gəlmə prosesindən söz açıb, həmçinin əsərdə Bəkir Çobanzadənin həyatının az araşdırılmış bir dövrünün işıqlandırıldığını bildirib.
Tədbir kitab ətrafında müzakirələrlə davam edib.

