Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının Gənclər Forumu 2026 çərçivəsində Amerika Birləşmiş Ştatlarında Azərbaycan ilk dəfə olaraq BMT Gənclər Nümayəndələri proqramı səviyyəsində rəsmi şəkildə təmsil edilib.
“Tehsil365" xəbər verir ki, BMT Gənclər Nümayəndələri proqramı üzrə Azərbaycanı ilk dəfə ADA Universitetinin tələbələri Nilgün Məmmədova və Ayxan Məmmədov təmsil ediblər. Onlar, həmçinin 2025-ci ildə Ağdamda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumunda da gənc nümayəndələr kimi seçiliblər.
Nilgün Məmmədova, eyni zamanda, 2023-cü ildən fəaliyyət göstərən və hüquqşünas gənclərin könüllülük fəaliyyətinin təşkilini həyata keçirən Femida Könüllüləri Təşkilatının həmtəsisçisi və 2023-2025-ci illər üzrə İdarə Heyətinin sədri vəzifəsini icra edib. O, eyni zamanda, 2024-cü ildən etibarən Azərbaycan Könüllü Təşkilatları İttifaqının İdarə Heyətində üzv qismində təmsil olunur.
Forum çərçivəsində gənc nümayəndələrin BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti Lok Bahadur Tapa və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə rəhbəri Byorq Sandkyer ilə rəsmi tanışlıq görüşü keçirilib.
Gənc nümayəndələr bir il müddətində nüfuzlu beynəlxalq tədbirlərdə, o cümlədən BMT-nin Baş Qərargahında keçirilən iclaslara qatılacaq, çıxışlar edəcək və müxtəlif komitələrin fəaliyyətinə fəal şəkildə cəlb olunacaqlar.

