Aprelin 15-də Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin "Rəngkarlıq" ixtisası üzrə III kurs tələbəsi Gövhər Hüseynəliyevanın Naxçıvan Muxtar Respublikası Rəsm Qalereyasında fərdi sərgisi təşkil olunub.
“Tehsil365“ xəbər verir ki,Kollecdən verilən məlumata görə, sərgidə gənc rəssamın müxtəlif janr və texnikalarda ərsəyə gətirdiyi rəsm əsərləri nümayiş etdirilib. Ekspozisiyada natürmort, mənzərə və portret janrında hazırlanmış, yağlı boya, sulu boya və akvarel üslubunda işlənmiş əsərlər yer alıb.
Təqdim olunan rəsm işləri bədii-estetik dəyəri, rəng həllinin zənginliyi və kompozisiya bütövlüyü ilə seçilərək tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılarda xoş təəssürat yaradıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Həmzə Sadiqov, Tapdıq Həmzəyev, Telman Abdinov, incəsənət və elm xadimləri, sənətsevərlər, eləcə də müəllim və tələbələr iştirak ediblər.
Sərginin açılış mərasimində Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli, Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məhəbbət Babayeva, əməkdar rəssam Sabir Məmmədov və digər çıxış edənlər gənc rəssamın yaradıcılıq potensialını yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

