“Sosial mediada geniş yayılan dəri baxımı ilə bağlı məsləhətlərin əksəriyyəti reklam xarakteri daşıyır və əsasən kosmetik məhsulların satışını təşviq etməyə yönəlib. Bu cür paylaşımlar bəzən ümumi tövsiyələr təqdim etsə də, onların hər bir fərd üçün eyni dərəcədə effektiv və ya təhlükəsiz olacağını demək düzgün deyil”.
Dermatoloq Sevinc Kərimova “Tehsil365”ə açıqlamasında bildirib ki sözlərinə, hər bir insanın dəri tipi, orqanizmi, hormonal balansı və mövcud xroniki xəstəlikləri fərqlidir. Bu səbəbdən sosial mediada trend olan prosedur və ya məhsullar hər kəs üçün uyğun olmaya bilər və bəzi hallarda arzuolunmaz təsirlərə səbəb ola bilər.
“Bu sahədə məsləhət verən şəxslərin hamısı tibbi təhsilli olmur. İzləyici sayı çox olan şəxslərin tövsiyələri hər zaman elmi əsaslara söykənmir və fərdi sağlamlıq vəziyyəti nəzərə alınmadan təqdim olunur”, – deyə mütəxəssis vurğulayıb.
Sevinc Kərimova əlavə edib ki, dəri problemlərinin düzgün qiymətləndirilməsi və effektiv müalicə planının seçilməsi üçün mütləq şəkildə dermatoloq və ya ixtisaslaşmış kosmetoloq tərəfindən əyani müayinə aparılmalıdır.
Mütəxəssis qeyd edib ki, peşəkar müayinə zamanı yalnız dəri tipi deyil, həm də həyat tərzi, qidalanma, hormonal vəziyyət və digər tibbi faktorlar nəzərə alınır ki, bu da daha düzgün və uzunmüddətli nəticə əldə etməyə imkan verir.

