“Nəzərə alsaq ki, qızılca virus infeksiyası artıq bir neçə dəfədir ki? vüsət alır, peyvəndləmədə olan boşluqlara nəzər salınmalıdır”.
”Tehsil365” xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə Ölkə.Az-a açıqlamasında deyib. O bildirib ki, birinci dozanın bir yaşda edilməli olsa da, ya valideyn uzadır, ya da həkimlər bu müddəti uzadır:
“İkinci dozaya qədər olan interval çox olduğundan arxayın şəkildə uzadırlar. Bu, ciddi virusdur və ciddi ağırlaşmaları olan xəstəlikdir. Hesab etməyin ki, elə tutdu-sağaldı vəssalam. Burada immunitetdə ciddi şəkildə çöküş baş verir və heç kim nəticədən sığortalı deyil”.
Həkimin sözlərinə görə, xəstəlik səbəbi peyvəndsiz olan böyük uşaqlardır:
“Daha çox həyati risk daşıyanlar isə peyvənd yaşına çatmayan körpələrdir.
Bir doza alanlarda müdafiə tam formalaşmır. İkinci doza məktəb başlamamış edilməlidir. Çox uşaqda görürük ki, 6 yaş tamam olub, uşaq məktəbə gedir. Valideyn isə hələ fikirləşir ki, görəsən, ikinci dozanı etdirim ya yox? Mənə belə zənglər çox gəlir. Görün ki, nə qədər uşaq peyvənddən kənarda qalır və xəstəxanalarda qızılca ilə yatan uşaqların sayı artır”.
A.İsmayılzadə hesab edir ki, bağçalara qəbul birinci doza ilə aparılmalıdır:
“Birinci sinfə qəbulda mutləq ikinci doza qızılca peyvəndi olmalıdır və iki peyvənd arasında interval qısaldılmalıdır.
Uşaqlar arasında yayılmış olan psixonevroloji pozuntuların peyvəndlə heç bir əlaqəsi yoxdur , hamiləlikdən, hətta ondan da öncədən qaynaqlanır və getdikcə də artan istiqamətdə gedəcək”.

