"Bu gün acı bir reallıqla üz-üzəyik Azərbaycan gənclərinin bir hissəsi öz tarixinin mühüm simalarını kifayət qədər tanımır. Məsələn, Əliağa Şıxlinski kimi böyük bir sərkərdənin adı bir çox gənc üçün ya tanış deyil, ya da sadəcə səthi məlumatdan ibarətdir. Bu isə düşündürücü bir haldır."
Bu fikirləri "Tehsil365"ə açıqlamasında təhsil üzrə ekspert Əli Ələkbərov deyib.
Ekspertin sözlərinə görə, məsələni yalnız gənclərin maraqsızlığı ilə izah etmək doğru deyil.
"Burada həm təhsil sisteminin təqdimat forması, həm də ümumilikdə cəmiyyətdə tarixə yanaşma tərzi mühüm rol oynayır.
tarix dərsləri çox vaxt yadda saxlanmalı faktlar kimi təqdim olunur, lakin bu faktların arxasında dayanan insan taleləri, mübarizə və fədakarlıq kifayət qədər vurğulanmır."
Əli Ələkbərov qeyd edib ki, tarix sadəcə keçmiş deyil, bu günümüzü və gələcəyimizi formalaşdıran əsas dayaqlardan biridir.
"Öz qəhrəmanını tanımayan nəsil zamanla kimliyindən uzaq düşə bilər. Bu baxımdan, Əliağa Şıxlinski kimi şəxsiyyətlərin tanıdılması bir seçim yox, zərurətdir."
Ekspert vurğulayıb ki, bu vəziyyətə biganə yanaşmaq olmaz.
"Əgər gənclərə tariximizi sevdirə bilmiriksə, deməli, onu düzgün təqdim etmirik. Bu isə artıq təkcə təhsil məsələsi deyil, milli məsuliyyət məsələsidir."

