Azərbaycan professional musiqisinin inkişafında mühüm rol oynamış bəstəkar Zülfüqar Əbdülhüseyn bəy oğlu Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olmuşdur.
“Tehsil365” xəbər verir ki, O, milli musiqi irsinin zənginləşdirilməsi və musiqili teatrın formalaşması sahəsində böyük xidmətlər göstərmişdir.
Zülfüqar Hacıbəyov Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri kimi tanınır. Onun yaradıcılığı milli musiqi ənənələri ilə klassik üslubun vəhdəti ilə seçilir. Bəstəkarın əsərləri Azərbaycan səhnəsində mühüm yer tutmuş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
1943-cü ildə o, Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Zülfüqar Hacıbəyov həm də görkəmli ictimai və mədəni xadimlər ailəsinə mənsub idi. O, məşhur bəstəkar Üzeyir Hacıbəyov və publisist Ceyhun bəy Hacıbəylinin qardaşı, dirijor və bəstəkar Niyazi Tağızadənin atasıdır.
Bəstəkar 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun irsi bu gün də Azərbaycan musiqi mədəniyyətinin dəyərli hissəsi kimi yaşamaqdadır.

