Azərbaycan tibb elminin inkişafında mühüm iz qoymuş Adilə Şahtaxtinskaya 17 aprel 1894-cü ildə Tiflis şəhərində anadan olmuşdur.
“Tehsil365” xəbər verir ki, O, mama-ginekologiya sahəsində ixtisaslaşaraq bu istiqamətdə mühüm elmi və praktik fəaliyyət göstərmişdir.
Adilə Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru elmi dərəcəsini almış, 1936-cı ildə isə professor adına layiq görülmüşdür. Bununla da o, Azərbaycan tarixində bu yüksək elmi adlara yiyələnən ilk qadın kimi adını elm salnaməsinə yazdırmışdır.
Onun fəaliyyəti qadın sağlamlığının qorunması, ana və uşaq ölümünün azaldılması istiqamətində mühüm nəticələr vermişdir. Adilə Şahtaxtinskaya həm həkim, həm də alim kimi bir çox mütəxəssisin yetişməsində böyük rol oynamışdır.
Görkəmli alim 30 mart 1951-ci ildə Tbilisi şəhərində vəfat etmişdir. Onun xidmətləri Azərbaycan tibb tarixində xüsusi yer tutur və bu gün də hörmətlə xatırlanır.

