Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, nasir və publisist Sabir Məhəmməd oğlu Əhmədli 10 iyul 1930-cu ildə Cəbrayıl rayonunda anadan olmuşdur.
“Tehsil365” xəbər verir ki, O, uzun illər ərzində zəngin yaradıcılığı ilə milli ədəbiyyatın inkişafına mühüm töhfələr vermişdir.
Sabir Əhmədli 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, həm bədii nəsr, həm də publisistika sahəsində uğurla fəaliyyət göstərmişdir. Onun əsərlərində insan taleləri, cəmiyyətin problemləri və dövrün sosial-mənəvi məsələləri geniş şəkildə əks olunmuşdur.
Yazıçının ədəbi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 1984-cü ildə Əməkdar incəsənət xadimi, 1992-ci ildə isə Azərbaycanın Xalq yazıçısı fəxri adlarına layiq görülmüşdür. O, həmçinin Prezident təqaüdçüsü olmuşdur.
Sabir Əhmədli 17 aprel 2009-cu ildə Bakı şəhərində vəfat etmişdir. Onun zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatının dəyərli hissəsi kimi bu gün də oxucular tərəfindən maraqla qarşılanır.

