Aprelin 15-də Azərbaycan Dillər Universitetində (ADU) İngilis və Fransız dilləri fakültəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Sağlam ailə - balanslı karyera – şəxsi inkişaf” mövzusunda maarifləndirici seminar keçirilib. Tədbirdə fakültənin 212A və 212B qrup tələbələri fəal iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, giriş sözü ilə çıxış edərn İngilis və Fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva sağlam ailə modelinin formalaşmasında təhsilin və dəyərlərin rolundan bəhs edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Mahmudova çıxışında müasir cəmiyyətdə ailə institutunun möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə iştirak edən rektorun müşaviri Anar Osmanlı və İngilis və alman dilləri fakültəsinin dekanı, dosent Naibə Camalzadə mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Əsas məruzə ilə çıxış edən UNEC-in Öyrənmə analitikası və qiymətləndirmə şöbəsinin müdiri, karyera planlaması fənn müəllimi Sevinc Burzuyeva sağlam ailə, balanslı karyera və şəxsi inkişaf arasında harmoniyanın qurulması yollarını iştirakçıların diqqətinə çatdırıb. Məruzə zamanı əmək bazarının tələbləri, fərdi və ictimai dəyərlərin formalaşması, eləcə də bu amillərin karyera seçimlərinə təsiri kimi mühüm məsələlərə də toxunulub.
İnteraktiv formatda təşkil olunan tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Xüsusilə ailə və karyera balansı, şəxsi inkişafın sosial münasibətlərə təsiri, əmək bazarının çağırışları və gənclərin karyera planlamasında qarşılaşdıqları çətinliklər geniş müzakirə olunub.
Tədbirin bədii hissəsində I kurs tələbələri — Cəfərli Züleyxa, Əkbərli Elvira və Şirazi Gülnarə tərəfindən ingilis dilində musiqi nömrəsi təqdim olunub.

