Azərbaycan Dillər Universitetinin (ADU) Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının təşkilatçılığı və Fəlsəfə və İctimai Elmlər kafedrasının dəstəyi ilə “Müasir dövrün aktual problemləri: fəlsəfə, sosiologiya, etika” mövzusunda elmi seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, seminarda məruzəçi qismində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə iştirak edib. Tədbirdə, həmçinin institutun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli və İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri Füzuli Qurbanov, ADU-nun Filologiya, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültələrinin müəllim-tələbə heyəti iştirak ediblər
Əvvəlcə seminarın moderatoru, sözügedən kafedranın baş müəllimi Şəfəq Mustafayeva mövzu ilə bağlı məlumat verib.
Seminar zamanı bildirilib ki, müasir dövr rəqəmsal texnologiyaların sürətli inkişafı, geosiyasi transformasiyalar və sosial struktur dəyişikliklərlə xarakterizə olunur. Qeyd edilib ki, bu dəyişikliklər cəmiyyətin təşkilatlanma prinsiplərinə, identiklik və dəyər sistemlərinə yeni məzmun qazandırır.
Tədbir çərçivəsində qloballaşmanın perspektivləri, post-maarifçilik dövrünə keçid, geosiyasi reallıqlar və milli identiklik məsələləri, eləcə də cəmiyyətdə müşahidə olunan sosial və etik transformasiyalar, süni intellektin təsiri kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.

