Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Fransız dilləri fakültəsinin İngilis dilinin tədrisi metodikası kafedrası və Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə “Ali məktəblərdə akademik yazı bacarıqlarının inkişaf etdirilməsi yolları metodikası” mövzusunda seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, seminarda İngilis dilinin tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vəfa Bağırova təlimçi qismində çıxış edib. Tədbirdə universitetin doktorantları iştirak ediblər.
Seminarın əsas məqsədi ali təhsil müəssisələrində tələbələrin elmi və akademik üslubda düzgün, aydın və məntiqi yazı bacarıqlarının formalaşdırılması istiqamətində effektiv metod və yanaşmaların təqdim olunması olub.
Tədbir çərçivəsində akademik yazının mahiyyəti və əsas xüsusiyyətləri – obyektivlik, dəqiqlik və strukturlaşdırma prinsipləri izah olunub, elmi məqalə, esse, referat və dissertasiya yazı qaydaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda plagiatın qarşısının alınması, düzgün istinad qaydaları, mənbələrlə işləmə və məlumatların təhlili məsələləri diqqətə çatdırılıb.
Seminarda tənqidi düşünmə və arqument qurma bacarıqlarının inkişafı, eləcə də yazı prosesinin əsas mərhələləri – planlaşdırma, yazma və redaktə prinsipləri iştirakçılarla müzakirə olunub.
Bununla yanaşı, müəllimlər üçün metodik yanaşmalar da təqdim edilib. Bu yanaşmalara praktik tapşırıqların təşkili, yazı nümunələrinin təhlili, fərdi və qrup işlərinin tətbiqi kimi üsullar daxil edilib.
Seminar sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

