Alimlər sürətli qocalmanın əsas səbəblərindən birinin DNT zədələnməsinin özü deyil, bədənin immun reaksiyası ola biləcəyini müəyyən ediblər.
“Tehsil365” İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, İbrani Universiteti alimlərinin hazırladığı tədqiqat “Genes & Development” jurnalında dərc olunub. Araşdırmaya görə, DNT zədələnməsi baş verdikdə hüceyrələrə sızan DNT fraqmentləri immun sistemini aktivləşdirərək xroniki iltihaba səbəb olur. Bu proses toxumaya zərər verərək sürətli qocalmanı gücləndirir.
Bildirilib ki, tədqiqat bir neçə nadir genetik xəstəliklər üzərində aparılıb. Araşdırma zamanı immun reaksiyanı tənzimləməklə toxuma zədələnməsinin azaldığı müşahidə edilib.
Alimlər qeyd ediblər ki, immun sisteminin həddindən artıq reaksiyasının qarşısının alınması yeni müalicə üsullarının hazırlanmasına imkan yarada bilər.

