AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin elmi seminarı təşkil olunub.
İnstitutdan “Tehsil365” ə bildirilib ki, elmi seminarda şöbə müdiri filologiya elmləri doktoru, dosent Leyla Məmmədovanın “Əli Əmirlinin komediyalarında folklor: ənənəvi və müasir kontekstdə” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə qeyd olunub ki, folklor örnəklərinin yazılı ədəbiyyata təsiri, əsərin ideya və məzmununa xüsusi ahəng bəxş etməsi klassiklər tərəfindən ənənə halını alıb. Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri – nasir, ssenarist, dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli də milli dramaturgiyanı mövzu və istiqamət baxımından yeni müstəviyə qaldırmaqla yanaşı, şifahi xalq yaradıcılığını dəyərləndirən, əsərlərinin təsir gücünü, qavranma qabiliyyətini daha da artırmaq üçün folklor örnəklərindən həm ənənəvi, həm də müasir kontekstdə ustadcasına yararlanan sənətkarlardandır.
Onun “Köhnə ev”, “Bala bəla sözündəndir”, “Onun iki qabırğası”, “Yeddi məhbusə”, “Varlı qadın”, “Səhnədə məhəbbət”, “Şou kraliçası”, “Kişi və qadın”, “Sevən qadın”, “Kastinq və ya premyera”, “Gözəllik imperiyası”, “Sehrli alma”, “Köhnə dəbli yeni komediya” əsərlərində folklorun təsiri diqqət çəkir. Bu təsir remarkalardan başlayaraq, süjet boyu izlənilir.
Məruzədə bildirilib ki, yazıçının “Köhnə ev” komediyasında folklorun təsiri, adət-ənənə elə ilk səhnədən görünür. Əsərin əsas mövzusunu keçmişdə kübar həyat tərzi sürən, sonralar isə müflisləşən bir ailənin “faciə”si təşkil edir. Komediyada folklora bağlılıq, adət-ənənə ilk səhnədən Mələyin süfrə bəzəməsi ilə başlanır. Məlumdur ki, qonaq qarşılamağı xüsusi mərasimə çevirmək, azı bir həftə qabaqcadan hazırlıq işləri görülməsinə rəğmən, yenə də tam razı qal mayıb, son saniyəyə qədər süfrəyə müdaxilə etmək təlaşı da bir növ adətdəndir.
Komediyada folklor obrazları da yer alır. Belə ki, xalq oyun və tamaşalarından qulluqçu, nökər obrazları bizə yaxşı tanışdır. Xarakter baxımından xalq tamaşasındakı Hambal (“Xanım və Hambal”) kimi, “Köhnə ev” komediyasındakı Mələk obrazı da düz sözü deməyi bacaran, heç kəsdən çəkinməyən biridir. Komediyanın ən satirik obrazı isə Sahibdir. Müəllif dəllal, alverçilərə məxsus folkloru Sahib obrazı vasitəsilə çatdırır. Sahib çıxarını düşünən, tutduğu hər işdən mənfəət güdən və öz düşüncə tərzi ilə desək “alverdən ləzzət almaq” istəyən bir personajdır.
Bu komediyada atalar sözü və məsəllər də yer alır. Məsələn, “Allahdan yuxarı heç kim yoxdur”, “Keçmişin kölgəsini əzizləmək”, “İt yiyəsini tanımır”, “Deyəsən, yemək üstünə gəlib çıxmışam. Sən deyəndi, qaynanam məni çox istəyir”, “Böyük danışanda, kiçik susar”, “Qalmışam odla su arasında”, “Varlığa nə darlıq”, “Şərti şumda kəsməliyik”, “Kiminin əvvəli, kiminin axırı” və s.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.
Tədbirdə Sumqayıt Dövlət Universitetindən və Bakı Slavyan Universitetindən Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi keçən IV kurs tələbələri də iştirak ediblər.

