Aprelin 17-də Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının tədqiqatçılar üçün növbəti ustad dərsi keçirilib.
Rəsədxanadan “Tehsil365” ə bildirilib ki, tədbirdə Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamal Hüseynov “Günəş sisteminin yaranması və təkamülü” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi çıxışında Günəş sistemi planetlərinin əmələ gəlməsi ilə bağlı nəzəri tədqiqatlar haqqında geniş məlumat verib. Bildirib ki, klassik nəzəri yanaşmaların empirik yoxlanılması üçün mövcud müşahidə məlumatları ilkin mərhələdə məhdud xarakter daşıyırdı və əsasən Günəş sistemi çərçivəsində qalırdı. Lakin son otuz il ərzində protoplanetar disklərin təsviri və spektroskopiyası sahəsində əldə olunan çoxsaylı müşahidələr, Günəş sistemində Koyper qurşağının kəşfi, həmçinin Günəşdən kənar planet sistemlərinin aşkar edilməsi və onların fiziki xüsusiyyətlərinin müəyyənləşdirilməsi bu sahədə mühüm irəliləyişə səbəb olub. Aparılan müşahidələr disklərin və planet sistemlərinin bir sıra gözlənilməz xüsusiyyətlərini üzə çıxarıb və mövcud nəzəri modellərin yenidən nəzərdən keçirilməsini zəruri edib. Bu isə Günəş sisteminin yaranması və təkamülü ilə bağlı daha dəqiq və kompleks nəzəri yanaşmaların formalaşmasına təkan verir.
Tədbirin sonunda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

