“Fast food məhsulları ilk növbədə insulin dirəncini artırır. İnsulin dirənci yüksəldikdə isə dəridə quruluq, qabıqlanma, kəpəklənmə və seboreya kimi problemlərin yaranma riski artır. Eyni zamanda bu cür xəstəliklərin sağalma prosesi zəifləyir və gecikir”
Dermatoloq Ramil Qocayev “Tehsil365”ə açıqlamasında bildirib ki, fast food qidalanma dərinin sağlamlığına mənfi təsir göstərərək müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.
“Qeyri-sağlam qidalanma yalnız yeni dəri problemləri yaratmır, həm də mövcud problemlərin müalicəsini çətinləşdirir.”
Dermatoloqun sözlərinə görə, dəri sağlamlığını qorumaq üçün balanslı qidalanma vacibdir. Xüsusilə bəzi vitamin və mineralların qəbulu mühüm rol oynayır. Bunlara A, E, D vitaminləri, sink (Zn), biotin və B qrup vitaminləri daxildir. Bu maddələr dərinin yenilənməsini sürətləndirir, qoruyucu baryerini gücləndirir və iltihabi proseslərin qarşısını almağa kömək edir.
Ekspert tövsiyə edir ki, fast food qidaların tez-tez istifadəsi məhdudlaşdırılmalı, gündəlik rasiona isə tərəvəz, meyvə, sağlam yağlar və vitaminlərlə zəngin məhsullar daxil edilməlidir.

