Azərbaycanın musiqi tarixində xüsusi yeri olan Şövkət Məmmədova milli opera sənətinin formalaşmasında mühüm rol oynayıb.
“Tehsil365” xəbər verir ki, 18 aprel 1897-ci ildə Tiflisdə anadan olan sənətkar ölkənin ilk peşəkar qadın müğənnisi və ilk opera aktrisası kimi tanınıb.
Lirik koloratur soprano səsi ilə seçilən Şövkət Məmmədova səhnədə yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb. O, həmçinin teatr xadimi kimi də fəaliyyət göstərərək Azərbaycan mədəniyyətinin inkişafına töhfə verib.
Sənətkarlığı yüksək qiymətləndirilən Məmmədova 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülüb. O, eyni zamanda Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı olub və iki dəfə Lenin ordeni, iki Qırmızı Əmək Bayrağı ordeni, həmçinin “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Şövkət Məmmədova 8 iyun 1981-ci ildə Bakıda vəfat edib. Onun zəngin yaradıcılığı bu gün də Azərbaycan opera sənətinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir.

