Bakı Mühəndislik Universitetində (BMU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə “Şəhərlərimiz və memarlıq abidələrimiz” mövzusunda elmi-praktik seminar keçirilib.
BMU-dan “Tehsil365"ə verilən məlumata görə, seminarda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim və şagirdləri, BMU-nun Memarlıq və inşaat fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbirdə kafedranın müdiri Təranə Hacıyeva 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu qərar Azərbaycanın milli memarlıq irsinin qorunması, öyrənilməsi və müasir yanaşmalar əsasında inkişaf etdirilməsi baxımından mühüm çağırışlar yaradır. O, ölkəmizin zəngin şəhərsalma və memarlıq ənənələrinə malik olduğunu vurğulayaraq, qədim şəhər və memarlıq abidələrinin adlarının tarixi, elmi etimologiyasının öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra çıxış edən Memarlıq və inşaat fakültəsinin dekanı Nizami Əhmədov qeyd edib ki, memarlıq və şəhərsalma, eləcə də inşaat mühəndisliyi sahələri yaradıcılıqla mühəndislik yanaşmasının vəhdətini təşkil edir və bu sahədə təhsil alan tələbələr həm yaradıcı, həm də texniki düşüncə qabiliyyətinə malik olmalıdırlar.
Nizami Əhmədov, həmçinin, bu ilin may ayında ölkəmizdə keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar fakültədə müxtəlif sərgilərin, seminarların və birgə layihələrin təşkil olunduğunu bildirib.
Tədbirdə BMU-nun Dizayn kafedrasının müdiri Vaqif Məmmədov və Memarlıq və inşaat fakültəsinin müəllimi Dürdanə Aslanzadə çıxış edərək Azərbaycanın memarları, şəhərləri və memarlıq abidələri barədə məlumat veriblər.
Seminarın praktik hissəsində kafedranın dosenti Emin Ağayev şagird və tələbələrə şəhər adlarımız, memarlar və memarlıq abidələri ilə bağlı suallar təqdim edib. Suallar həm şagirdlər, həm də tələbələr tərəfindən cavablandırılıb.
Tədbir çərçivəsində Müasir Təhsil Kompleksinin müəllim və şagirdləri BMU-nun Texnoparkı, elmi-tədqiqat laboratoriyaları və Memarlıq və inşaat fakültəsi tələbələrinin əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

