Fransız impressionist rəssam Klod Monenin iki əsəri Fransada keçirilən hərracda rekord qiymətə satılıb.
“Tehsil365“ xəbər verir ki, bu barədə məlumatı "Sotheby's" hərrac evi yayıb.
Hərraca çıxarılan əsərlər ölkə daxilində sənətkarın işləri üçün müəyyən edilmiş əvvəlki qiymət rekordlarını geridə qoyub. Rəssamın 1901-ci ildə çəkdiyi "Vetöy, səhər effekti" adlı tablosu 10.2 milyon avroya (təxminən 11 milyon dollar), 1883-cü ilə aid "Port-Villedəki adalar" əsəri isə 6.45 milyon avroya (təxminən 7 milyon dollar) alıcı tapıb.
Hər iki rəsm təxminən 100 il ərzində müxtəlif şəxsi kolleksiyalarda saxlanılıb. Qeyd edək ki, tanınmış impressionistin indiyədək hərracda satılan ən bahalı əsəri "Ot tayası" tablosudur. Həmin rəsm əsəri 2019-cu ildə 110.7 milyon dollara satılaraq dünya rekordu vurub.

