“Bilirsiniz, sağlam qidalanma odur ki, yəni marketlərdə olan hər hansı hazır qida məhsullarından uzaq olmaq deməkdir. Tamamilə evdə bişirilmiş qidalarla qidalanmaqdır. Amma bəzi qidalar var ki, onları uzun müddət eyni formada istifadə etmək də düzgün deyil. Məsələn, ağartı məhsulları uzun müddət qəbul edildikdə tərkibində olan fosfor səbəbindən böyrəklərdə müəyyən problemlərə yol aça bilər. Eyni zamanda mədədə turşuluğu artırır, qaraciyərdə də narahatlıqlar yarada bilər”, – deyə o bildirib.
Tibb eksperti Rasif Bağırov sağlam qidalanma ilə bağlı “Tehsil365”ə mühüm açıqlama verib. Sağlam qidalanma yalnız “nə yeməmək” deyil, həm də düzgün və balanslı qida seçimi deməkdir.
Ekspertin sözlərinə görə, sağlam qidalanma geniş anlayışdır və yalnız müəyyən qidaları istisna etməklə məhdudlaşmır. O qeyd edib ki, əsas məqsəd təbii, evdə hazırlanmış və müxtəlif tərkibli qidaların balanslı şəkildə qəbul edilməsidir.
“İnsanlar çox vaxt sağlam qidalanmanı yalnız siqaret və spirtli içkidən uzaq durmaq kimi başa düşürlər. Amma bu düzgün yanaşma deyil. Sağlam qidalanma şirniyyatın, duzun və ya müəyyən qidaların həddindən artıq istifadəsindən uzaq durmağı da əhatə edir. Eyni zamanda hazır məhsulların çoxunda müxtəlif əlavələr və fosfor birləşmələri olur ki, bu da orqanizm üçün zərərli ola bilər”, – deyə Rasif Bağırov əlavə edib.
Ekspert vurğulayıb ki, sağlam həyat tərzi çoxşaxəlidir və düzgün qidalanma bu sistemin əsas hissəsini təşkil edir.

