Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş şəxsiyyətlərdən biri olan Qasım İsmayıl oğlu İsmayılov 19 aprel 1885-ci ildə Şamaxı qəzasının Lahıc qəsəbəsində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, ölkədə baş verən mürəkkəb tarixi proseslərdə fəal iştirak edən siyasətçilərdən biri kimi tanınır.
Qasım İsmayılov xüsusilə Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda apardığı mübarizə ilə diqqət çəkib. 1918-ci ildən etibarən Kommunist Partiyasının üzvü olan İsmayılov siyasi fəaliyyətində ideoloji mübarizəyə üstünlük verərək yeni hakimiyyətin formalaşmasında iştirak edib.
Onun fəaliyyəti dövrün çətin və ziddiyyətli ictimai-siyasi şəraiti ilə sıx bağlı olub. Bu baxımdan, İsmayılov həm tərəfdarları, həm də tənqidçiləri tərəfindən müxtəlif cür qiymətləndirilən fiqurlardan biri sayılır.
Qasım İsmayıl oğlu İsmayılov 10 aprel 1922-ci ildə Gəncə şəhərində vəfat edib. Onun həyatı və fəaliyyəti Azərbaycanın XX əsrin əvvəllərindəki siyasi tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

