Azərbaycan memarlıq tarixində mühüm yer tutan Mikayıl Ələsgər oğlu Hüseynov 1905-ci ildə Bakı şəhərində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, təkcə memar kimi deyil, həm də memarlıq tarixçisi kimi ölkənin elmi və mədəni inkişafına böyük töhfələr verib.
Mikayıl Hüseynov uzun illər ərzində memarlıq sahəsində fəaliyyət göstərərək bir çox mühüm layihələrin müəllifi olub. Onun yaradıcılığı Azərbaycan memarlığında milli üslubun formalaşmasına və inkişafına əhəmiyyətli təsir göstərib. Elmi fəaliyyəti ilə də seçilən Hüseynov 1950-ci ildə memarlıq doktoru elmi dərəcəsi almış, 1939-cu ildə professor adına layiq görülüb.
O, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmiş, həmçinin SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü kimi fəaliyyət göstərib. Beynəlxalq səviyyədə də tanınan memar 1985-ci ildə Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü olub.
Mikayıl Hüseynovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Sosialist Əməyi Qəhrəmanı”, “SSRİ xalq memarı” kimi fəxri adlara layiq görülmüş, həmçinin “Stalin” mükafatının laureatı olub. Bununla yanaşı, müxtəlif çağırışlarda SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı kimi də ictimai-siyasi həyatda iştirak edib.
Görkəmli memar 1992-ci ildə Bakı şəhərində vəfat edib. Onun zəngin irsi bu gün də Azərbaycan memarlıq məktəbinin inkişafında mühüm rol oynayır.

