“Məktəblərarası pedaqoji təcrübə mübadiləsi” təşəbbüsü çərçivəsində aprelin 18-də ilk görüş Bakı Avropa liseyində reallaşıb.
Təşəbbüs Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, "T-Network" tərəfdaşlığı və “Azərbaycan müəllimi” qəzetinin media dəstəyi ilə həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, liseyin direktoru Zülfiyyə Veysova , eləcə də Bakıdan və regionlardan olan məktəb direktorları və müəllimlər iştirak ediblər.
Görüşün girişində "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri, təhsilin idarə olunması üzrə doktorant Cəfər Mənsimi müəllimin cəmiyyətdə xüsusi rolu haqqında bəhs edib, görüşdə "gələcəyin memarları, sabahın müəllimləri, millətin taleyinə yön verən böyük ürəklərin toplaşdığını” qeyd edib, müəllim adının zamanın sınağından çıxaraq əsirlərin hörmətini qazandığını vurğulayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev XXI əsrin bacarıqları arasında əməkdaşlıq anlayışının xüsusi yer aldığını bildirib. Bundan sonra da BŞTİ olaraq qabaqcıl təcrübənin paylaşılmasına davam ediləcəyini diqqətə çatdırıb.
Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova bu günə qədər rəhbərlik etdiyi ümumtəhsil müəssisəsinin əldə etdiyi uğurlardan söhbət açıb, çoxşaxəli təcrübələrini iştirkçılarla bölüşüb.
Görüş çərçivəsində Bakı Avropa Liseyinin pedaqoji təcrübəsi təqdim edilib və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşün təşkil edilməsində əsas məqsəd məktəblərin pedaqoji yanaşmalarını, uğurlu təcrübələrini və özünəməxsus ənənələrini qarşılıqlı şəkildə öyrənmək və məktəblərarası əməkdaşlığı dəstəkləməkdir.
Qeyd edək ki, təşəbbüs çərçivəsində hər dəfə bir məktəbdə görüşlərin təşkili planlaşdırılır.

