Məktəbəqədər dövr uşağın inkişafında ən həssas və formalaşdırıcı mərhələlərdən biri hesab olunur. Bu yaşda uşağın nələri daha yaxşı mənimsədiyi isə valideynləri və mütəxəssisləri düşündürən əsas suallardandır. Bəs uşaqlar erkən yaşda daha çox dili, davranışı, yoxsa emosiyaları öyrənir?
Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, “Bu yaş dövründə bu sahələri bir-birindən tam ayırmaq düzgün deyil. Uşaq paralel şəkildə həm dil, həm davranış, həm də emosional bacarıqları mənimsəyir.”
Onun sözlərinə görə, erkən yaş xüsusilə dil inkişafı üçün əlverişlidir: “Uşaqlar bu dövrdə dilləri çox sürətli şəkildə qavrayır və təbii mühitdə öyrənmə qabiliyyəti yüksək olur.”
Ekspert eyni zamanda davranış və sosial bacarıqların da əsasının məhz bu dövrdə qoyulduğunu vurğulayıb: “Uşaq ünsiyyət qurmağı, paylaşmağı, növbə gözləməyi və sosial qaydalara uyğun davranmağı bu mərhələdə öyrənir.”
Onun fikrincə, emosional inkişaf isə bütün bu proseslərin mərkəzində dayanır: “Uşaq öz emosiyalarını tanımağı və idarə etməyi öyrənmədikcə nə sosial, nə də akademik sahədə tam inkişaf edə bilər.”
Ekspert qeyd edib ki, prioritet düzgün qurulmalıdır: “Bu yaşda emosional təhlükəsizlik və sosial bacarıqlar əsas baza rolunu oynayır. Dil və digər biliklər isə bu baza üzərində daha asan formalaşır.”
Sonda ekspert bildirib ki, “Ən effektiv yanaşma balansdır. Uşağa təkcə bilik vermək deyil, onu hiss edən, anlayan və ünsiyyət qura bilən fərd kimi inkişaf etdirmək vacibdir.”

