Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin (EKİXM) Qiraət zalında yazıçı Dilşad Talıbova ilə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə açan EKİXM-nin əməkdaşı Elşən Hüseynli belə görüşlərin tələbələrin mütaliə marağının artırılmasında, eləcə də müasir Azərbaycan ədəbiyyatına marağın formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, yazıçı ilə təşkil olunan bu cür görüşlər oxucu ilə müəllif arasında birbaşa ünsiyyət körpüsü yaradır və gənclərin ədəbi dünyagörüşünün zənginləşməsinə töhfə verir.
EKİXM-nin direktoru Cəmilə Əliyeva çıxışında yazıçı Dilşad Talıbova yaradıcılığı haqqında ətraflı məlumat verib. O bildirib ki, yazıçının əsərlərində insan duyğuları incəliklə əks olunur, həyat hadisələri bədii dildə təqdim edilir və oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Direktor, həmçinin kitabxananın əsas məqsədinin mütaliə mədəniyyətinin inkişaf etdirilməsi və tələbələrin müasir ədəbiyyata marağının artırılması olduğunu vurğulayıb.
Universitetin əməkdaşı, şair və bir çox kitabların müəllifi Vahid Əlioğlu çıxış edərək müəlliflə bağlı fikirlərini bölüşüb, müasir ədəbiyyatın inkişafında yazıçıların rolundan danışıb və gənclərin kitab oxumağa həvəsləndirilməsində bu kimi görüşlərin əhəmiyyətini xüsusi qeyd edib.
Daha sonra universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, gənc şair və yazıçı Tural Cəfərli çıxış edərək yazıçı Dilşad Talıbova yaradıcılıq üslubundan, əsərlərinin ideya və məzmun zənginliyindən bəhs edib və belə tədbirlərin gənc yazıçılar üçün ilhamverici olduğunu bildirib.
Görüş zamanı Filologiya fakültəsinin tələbələri də fəal iştirak edərək yazıçıya suallar ünvanlayıb, əsərləri barədə fikirlərini bölüşüblər. Xüsusilə 346 qrup tələbələri Fatimə Rəsulova və İlkanə Usubova, 142 b qrup tələbəsi Əntiqə Nağılı, 143 b qrup tələbəsi Zarina Sulyayeva və 347-ci qrup tələbəsi Murad İskəndərov tədbirdə aktiv iştirak edərək müzakirələrə rəng qatıb.
Sonda yazıçı Dilşad Talıbova oxucuların suallarını cavablandırıb, yaradıcılıq planları haqqında danışıb və tələbələr üçün öz kitablarını imzalayıb.

