Almanəsilli isveçrəli yazıçı Regina Düriq Xəzər Universitetində bir qrup müəllim və ingilis dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.
Bu barədə “Tehsil365" Xəzər Universitetindən məlumat verilib.
Bildirilib ki, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Milana Abbasova qonağı iştirakçılara təqdim edib.
Sonra İsveçrə səfirliyinin nümayəndəsi Zahir Əhmədov R.Düriqin Azərbaycan oxucusuna yenicə təqdim olunan “Qadınlar və daşlar” kitabı barədə söz açıb.
Regina Bakıda nəşr edilən romanının ilk tərcümə olduğunu deyib, əsərin hansı zərurətdən yaranmasından danışıb. Qısa müddətdə çox səmimi ortam yaradan qonaq tələbələrdən romandan parçalar oxunmasını xahiş edib, əsərin dilimizdə necə səsləndiyini dinləmək istəyib, onları maraqlandıran suallara cavab verib.
Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı, həm sıçrayışlı hərəkət demək olan, həm zaman parçalarını əhatə edən fraqmentlərdən ibarət “Qadınlar və daşlar” romanının bəzən “daş kimi ağır” üslubunun, eyni zamanda qadınların “ağrı dili” olduğunu vurğulayıb.
Tədbirin sonunda universitetin rektoru Raziyə İsayeva Regina Düriqlə görüşüb və qonağa “Xəzər”in xatirə hədiyyələri təqdim olunub.

