“İnsanlar çox vaxt istənilən ağrı və ya narahatlıq zamanı ‘keçər’ deyərək bunu ciddiyə almırlar. Baş ağrıyır – keçər deyirik, baş gicəllənir – keçər deyirik, qarında sancı olur – keçər deyirik, oynaqlarda ağrı yaranır – keçər deyirik. Amma bu yanaşma olduqca yanlışdır və təhlükəlidir”.
Tibb eksperti Aydın Əliyevin “Tehsil365”ə açıqlamasına görə, hər hansı simptomun səbəbi araşdırılmadan və diaqnoz qoyulmadan onun “keçəcəyini” düşünmək insan sağlamlığı üçün ciddi risk yaradır.
Ekspert qeyd edib ki, insan orqanizmində yaranan hər bir ağrı və ya narahatlıq müəyyən bir patologiyanın əlaməti ola bilər və bu, mütləq şəkildə tibbi müayinədən keçməyi tələb edir.
“İstənilən orqanın patologiyası dəqiqləşdirilmədən ‘keçər’ demək düzgün deyil. Məsələn, baş ağrısı sadə səbəbdən də yarana bilər, amma eyni zamanda onurğada yırtıq, damar problemləri və ya digər ciddi xəstəliklərin əlaməti də ola bilər. Bu səbəbdən diaqnoz qoyulmadan belə yanaşma insanın öz həyatını və sağlamlığını riskə atması deməkdir”, – deyə o vurğulayıb.
Aydın Əliyev əlavə edib ki, erkən diaqnostika bir çox xəstəliklərin qarşısını almaqda və müalicənin effektivliyini artırmaqda mühüm rol oynayır.
Onun sözlərinə görə, cəmiyyətdə “keçər” düşüncəsinin yayılması insanların vaxtında həkimə müraciət etməməsinə və xəstəliklərin daha ağır mərhələyə keçməsinə səbəb olur.
“Sağlamlıq mövzusunda məsuliyyətli olmaq vacibdir. İnsan orqanizmi siqnallar verir və bu siqnalları görməzdən gəlmək olmaz. ‘Keçər’ ifadəsi tibbi baxımdan doğru yanaşma deyil və bu düşüncə tərzindən uzaq durmaq lazımdır”, – deyə ekspert fikrini yekunlaşdırıb.

