Türkiyənin aparıcı texnologiya şirkətləri, dövlət qurumları, universitetlər, sənaye parkları, televiziya şirkətləri və maliyyə qurumları 8-ci Ankara Məhsuldarlıq və Texnologiya Sərgisində (8. Verimlilik ve Teknoloji Fuarı) ən son imkanlarını nümayiş etdiriblər.
“Tehsil365” xəbər verir ki, “ATO Congresium” mərkəzində keçirilən üçgünlük sərgi on minlərlə insanı cəlb edib. Builki sərginin əsas mövzusu “Süni intellekt” olub. Ziyarətçilər süni intellekt əsaslı sistemlər, avtonom robotlar, məlumat analitikası üzrə həllər və rəqəmsal transformasiya sahəsində layihələrlə tanış olublar. Türkiyə paytaxtının sakinləri və qonaqları süni intellektin istehsaldan müdafiəyə qədər bir çox sahələrdə tətbiqini birbaşa müşahidə edə biliblər.
Sərgiyə gələnlərə, həmçinin “ASELSAN”, “ASFAT”, “TUSAŞ”, “ROKETSAN”, “HAVELSAN” və “MKE” kimi tanınmış müdafiə şirkətlərinin məhsulları təqdim olunub.
Qardaş ölkənin müxtəlif əyalətlərindən olan komandaların iştirak etdiyi texnoloji müsabiqələr xüsusi maraq doğurub.

