Aprelin 16-da Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində 13–18 aprel tarixləri üçün elan olunmuş “Psixologiya həftəsi” çərçivəsində tələbə və müəllimlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə universitetin Psixologiya və Pedaqogika kafedrasının əməkdaşları – kafedra müdiri, dosent İ. Məmmədli, ADU Psixoloji Xidmət Mərkəzinin mütəxəssisi Ceyhunə Dəmirova, baş müəllim Satibə Fəhratlı və müəllim Siddiqə Bəylərova iştirak ediblər.
Satibə Fəhratlı tərəfindən gənclər arasında depressiya hallarının qarşısının alınmasına dair nəzəri və praktik məlumatlar təqdim olunub, belə hallarla qarşılaşdıqda atılmalı addımlar iştirakçıların diqqətinə çatdırılıb. Görüş interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb və profilaktik yanaşmalar müzakirə olunub.
Daha sonra ADU Psixoloji Xidmət Mərkəzinin mütəxəssisi Ceyhunə Dəmirova tərəfindən panik atak və onun idarə olunması yollarına dair praktik texnikalar nümayiş etdirilib, tələbələrlə imtahan və dərs prosesində rast gəlinən bu kimi vəziyyətlər ətrafında müzakirələr aparılıb.
Görüşün davamında Siddiqə Bəylərova tərəfindən tələbələrdə gələcək qayğıları, məqsədlərin müəyyənləşdirilməsi və stressin idarə olunması mövzularında müzakirələr keçirilib, relaksasiya texnikaları üzrə praktik tapşırıqlar icra olunub.
Tədbirin sonunda kafedra müdiri dosent İ. Məmmədli çıxış edərək həyat çətinliklərinin müvəqqəti xarakter daşıdığını, hər bir problemin həll yolunun mövcud olduğunu vurğulayıb və tələbələrə hər zaman dəstək göstərməyə hazır olduqlarını bildirib.
Sonda fakültə dekanı İbrahim Kazımbəyli tədbiri yekunlaşdıraraq qeyd edib ki, bu cür maarifləndirici görüşlər gənclərin sağlam psixoloji mühitdə formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. O vurğulayıb ki, Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində gənclərin fiziki və mənəvi sağlamlığının qorunması, onların zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq tutulması prioritet istiqamətlərdəndir. Bu istiqamətdə ölkədə kompleks tədbirlər həyata keçirilir, maarifləndirmə proqramları genişləndirilir və gənclər arasında sağlam həyat tərzi təbliğ olunur.
Eyni zamanda qeyd olunub ki, dövlət tərəfindən gənclərin məşğulluq səviyyəsinin artırılması, onların əmək bazarına inteqrasiyasının təmin edilməsi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Bu siyasət gənclərin sosial rifahının yüksəldilməsinə, onların gələcək həyat perspektivlərinin daha aydın müəyyənləşdirilməsinə və cəmiyyətin fəal üzvlərinə çevrilməsinə xidmət edir.
İ.Kazımbəyli çıxışının sonunda belə tədbirlərin davamlı təşkilinin vacibliyini vurğulayaraq, tələbələrin həm psixoloji, həm də sosial baxımdan sağlam və dayanıqlı fərdlər kimi yetişməsinin ali təhsil müəssisələrinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.

