Bakı Mühəndislik Universitetində (BMU) Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə yaradılan PKTU-BMU Mühəndislik fakültəsinin rəsmi açılış mərasimi keçirilib.
BMU-dan “Tehsil365” ə bildirilib ki, hər iki universitetin rektoru və akademik heyətinin iştirak etdiyi mərasimdə öncə BMU ilə PKTU arasında fakültənin fəaliyyətini tənzimləyəcək müqavilə imzalanıb, gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.
BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, bu əlamətdar hadisə təkcə ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni mərhələsi deyil, eyni zamanda, Azərbaycan ilə Çinin mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təhsil sahəsində daha da möhkəmləndirilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin ötən il imzaladıqları Birgə Bəyanatda təhsil sahəsində əməkdaşlığı genişləndirməyin nəzərdə tutulduğunu vurğulayan Yaqub Piriyev əlavə edib ki, fakültə ölkələr arasında elm və təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcək. Qeyd olunub ki, 2025-ci ildən etibarən BMU ilə PKTU arasında bakalavriat səviyyəsində ikili diplom proqramı həyata keçirilir və 6 ixtisası əhatə edən bu proqram Azərbaycan ilə Çin universitetləri arasında ilk belə təşəbbüs kimi tarixə düşüb. Rektor bu əməkdaşlığın davamı olaraq fərqli formatda yaradılan fakültənin yüksəkixtisaslı kadrların hazırlanmasında önəmli rol oynayacağına, innovativ ideyaların formalaşdığı, elmi tədqiqatların inkişaf etdiyi akademik mərkəzə çevriləcəyinə əminliyini bildirib. Fakültə çərçivəsində tələbələr üçün birgə tədqiqat, mübadilə proqramları və qabaqcıl texnologiyalarla işləmək imkanı yaradılacaq

