Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən bədii yaradıcılıq festivalının baxış müsabiqəsi təşkil olunub.
“Tehsil365” in bölgə müxbiri xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin hər il gənclər arasında birgə reallaşdırdığı müsabiqə-festivalın əsas məqsədi tələbələri milli-mədəni dəyərlərə, tariximizə və incəsənətimizə bağlı ruhda formalaşdırmaq, istedadlı gəncləri üzə çıxarmaq və onların yaradıcılıq potensialının inkişafına dəstək verməkdir.
Festivalın baxış müsabiqəsində təşkilat komitəsinin məsul nümayəndələri və münsiflər heyətinin üzvləri – Xalq artistləri Samir Cəfərov və Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli, eləcə də Əməkdar artist Rəşad Haşımov iştirak ediblər.
Rektorun baş müşaviri Asif Cavadov çıxışında müsabiqə-festivalın əhəmiyyətindən söz açaraq, gənclərin yaradıcılıq potensialının inkişafı üçün universitetdə yaradılan imkanları diqqətə çatdırıb.
Daha sonra GDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlovun və Musiqi fənləri kafedrasının müdiri Sevda Qurbanəliyevanın təşkilatçılığı ilə hazırlanan zəngin konsert proqramı təqdim olunub. Proqram çərçivəsində tələbələrin ifasında vokal və instrumental nömrələr, xor çıxışları, bədii qiraət, aşıq havaları və xalq mahnıları səsləndirilib, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Münsiflər heyəti təqdim olunan çıxışları yüksək qiymətləndirərək, gənclərin hərtərəfli inkişafı üçün yaradılan əlverişli şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkürünü ifadə edib. Baxış müsabiqəsində istedadı ilə fərqlənən tələbələr Bakıda keçiriləcək yekun konsertdə iştirak hüququ qazanıblar.

