Türkiyənin Balıkesir Universitetinin təşkilatçılığı ilə “Quvayi-Milliyə Şəhəri Balıkesir Beynəlxalq Yörük Türkmən Simpoziumu” keçirilib. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan tanınmış arxeoloq və etnoqrafların qatıldığı tədbirdə ölkəmizi AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Anar Ağalarzadə və AMEA Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Kərimov təmsil ediblər.
Arxeologiya və Antropologiya İnstitutundan “Tehsil365” ə bildirilib ki, azərbaycanlı alimlər simpoziumda “Cənubi Qafqazın cənub-şərq sərhədlərində məskunlaşma izləri: Peştəsər yaylaqlarında aşkar edilmiş yarımköçərilərə məxsus Tunc-Erkən Dəmir dövrü kurqanları” mövzusunda onlayn məruzə ilə çıxış ediblər. Məruzədə Peştəsər yaylaqlarındakı Tunc və Erkən Dəmir dövrünə aid kurqanların tariximizin ən maraqlı səhifələrindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, son illərdə bu dəfn abidələrində aparılan arxeoloji qazıntılar Erkən Tunc dövründən etibarən yarımköçəri icmaların yüksək dağlıq ərazilərdə məskunlaşdığını və kurqan tipli qəbir ucaltma ənənəsini yaşatdıqlarını sübut edir. Qəbirlərdən tapılan dulusçuluq nümunələri, tunc silahlar, bəzək əşyaları və daş alətlər yerli istehsal təsərrüfatının yüksək inkişafından xəbər verir. Alimlər, həmçinin dəfnlərin fərqli xüsusiyyətlərini təhlil edərək bu ənənənin bölgədə müxtəlif dövrlərdə geniş yayıldığını faktlarla əsaslandırıblar. Müqayisəli təhlillər göstərir ki, bu tapıntılar Cənubi Qafqazın eyni dövrə aid digər arxeoloji mədəniyyətləri ilə sıx bağlıdır.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, Azərbaycanın cənub-şərq bölgəsinin zəngin maddi mədəniyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb

