Moskvadakı Beynəlxalq Musiqi Evində Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibətilə bu ölkənin Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, konsert proqramında müxtəlif ölkələrdən olan gənc yaradıcı qruplarla yanaşı, Azərbaycan səfirliyinin dəstəyi ilə “Dostluq-Drujba” muxtar qeyri-kommersiya təşkilatının ansamblının üzvləri də iştirak ediblər. Almaz Zairovanın rəhbərlik etdiyi ansamblın uşaq xoru Şəms Teymurovanın müşayiəti ilə Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Kəndimiz” mahnısını ifa edib.
Bununla yanaşı, Səxavət Namazəliyev və Dinara Məmmədovanın rəhbərlik etdiyi rəqs qrupu Azərbaycan müğənnisi və bəstəkarı Polad Bülbüloğlunun eyniadlı mahnısı əsasında hazırlanan “Mənim Azərbaycanım” rəqs nömrəsini təqdim edib.

