Tanınmış şair, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabirin “Şeir qadın” adlı yeni kitabı qardaş Qazaxıstanda çap olunub.
“Tehsil365” xəbər verir ki, kitabın redaktoru tanınmış qazax şairi, Əməkdar mədəniyyət xadimi, alim-pedaqoq Dövlətkerey Kəpulıdır.
Kitabı qazax dilinə Qazaxıstan Yazıçılar Birliyinin üzvü, “Ayböz” Milli Ədəbi Mükafatı laureatı, şair-tərcüməçi Asem Erejeqızı uyğunlaşdırıb.
Kitabda Rəsmiyyə Sabirin zəngin poetik dünyasını əks etdirən seçmə şeirlər yer alıb. Müəllif insan ruhunun dərin qatlarına enərək vətən sevgisi, şəhidlik və azadlıq uğrunda mübarizə kimi mövzuları yüksək bədii dillə təqdim edib.
Kitabdakı şeirlərdə Qarabağ ağrısı, Şuşa həsrəti və qələbə sevinci ilə yanaşı, insanın daxili iztirabları, mənəvi axtarışları və həyatın faniliyi fəlsəfi baxımdan özünəməxsus şəkildə işlənilib. Müəllifin səmimi və təsirli üslubu oxucunu həm düşündürür, həm də duyğulandırır.
“Şeir qadın” kitabı Qazaxıstan oxucusuna çağdaş Azərbaycan poeziyasını tanıtmaqla yanaşı, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər fonunda türk xalqları arasında ədəbi körpü rolunu oynayır.
Rəsmiyyə Sabirin poeziyası Azərbaycanla yanaşı, Türk dünyasında maraqla qarşılanır və təqdir edilir. Onun şeirləri müxtəlif dillərə çevrilib.

