Gəncə şəhərinin nümayəndə heyəti Çində səfərdədir.
“Tehsil365" xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də Çindao şəhərində olub, şəhər merinin müavini Qen Tao ilə görüşüb.
Görüşdə bildirilib ki, son illər Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan-Çin münasibətləri bütün sahələr üzrə inkişaf edərək yeni mərhələyə yüksəlib. Xüsusilə Prezident İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması iki ölkə arasında əlaqələrdə yeni səhifə açıb.
Qen Tao bildirib ki, Azərbaycan nümayəndə heyətinin bu səfəri 2023-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatı tərəfindən Çindaoda təşkil olunmuş “Xalq diplomatiyası və qardaşlaşmış şəhərlər” forumu çərçivəsində Gəncə ilə Çindao arasında imzalanmış əməkdaşlıq sazişindən sonra ilk rəsmi səfərdir. Onun sözlərinə görə, 10 milyondan artıq əhalisi olan Çindao Çinin iri beynəlxalq liman şəhərlərindən biri, əsas turizm və sənaye mərkəzlərindəndir. Çindaonun 50-yə yaxın ölkənin 90-dan çox şəhəri ilə əlaqələri mövcuddur. Qen Tao, həmçinin vurğulayıb ki, son illər Azərbaycan ilə ticarət əlaqələri genişlənir və Çindaoda artıq 5 ildir Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycan tərəfi şəhərdə keçirilən beynəlxalq sərgilərdə də fəal iştirak edir. Bundan əlavə, Çindao ilə Bakı arasında dəmir yolu və avtomobil nəqliyyatı vasitəsilə yükdaşımalar həyata keçirilir.
Gəncənin zəngin mədəni və ədəbi irsə malik olduğunu qeyd edən Qen Tao iki şəhər arasında iqtisadi, ticarət, mədəni, humanitar və turizm sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.
Niyazi Bayramov, öz növbəsində Gəncənin tarixi-mədəni irsi və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verib. Bildirib ki, şəhərdə 3 ali təhsil, 3 orta ixtisas təhsili və bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı, 2019-cu ildə Avropanın İdman Şəhəri, 2025-ci ildə isə MDB Ölkələrinin İdman Paytaxtı seçilib.
İcra hakimiyyətinin başçısı Çindao ilə ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Gəncənin dünyanın müxtəlif ölkələrinin bir çox şəhərləri ilə qardaşlıq və əməkdaşlıq əlaqələri mövcuddur və bu, qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. Niyazi Bayramov Çindao rəhbərliyini Gəncəyə rəsmi səfərə dəvət edib.
Nümayəndə heyəti səfər çərçivəsində məşhur “Hisense” şirkətinin ofisinə də baş çəkib, müəssisənin məişət texnikası, yüksək texnologiyalar sahəsində nailiyyətləri ilə tanış olub.
Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin deputatı, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, Azərbaycanın Çindəki səfirliyinin nümayəndələri daxildir.

