Oğuz rayon Arzu Əliyev adına Padar kənd tam orta məktəbində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Şahin" hərbi-idman oyunun rayon mərhələsi keçirilib.
Bu barədə “Tehsil365"ə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Tədbir iştirakçıları və komandalar əvvəlcə Padar kəndində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.
Açılış mərasimində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz rayonu üzrə gənclər idman sektorunun müdiri Şaiq Rüstəmov, Oğuz Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Vasif İsgəndərov, Vətən müharibəsi qazisi Famil Şəfiyev, SHXÇDX-nin Oğuz rayon bölməsinin və Oğuz rayon Təhsil sektorunun nümayəndələri çıxış edərək, hər il ənənəvi olaraq keçirilən “Şahin” hərbi-idman oyunlarının gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədi daşıdığını diqqətə çatdırıblar. Qeyd olunub ki, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda böyüməsi, hərbi xidmətə hazırlanması məqsədilə keçirilən hərbi-idman oyunları dövlətimizin daim diqqət mərkəzindədir.
Səkkiz komandanın iştirakı ilə baş tutan rayon mərhələsində yekun nəticələrə əsasən 1-ci yerə Oğuz şəhər Həbib Babayev adına 1 nömrəli məktəbin komandası, 2-ci yerə Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin komandası, 3-cü yerə isə Oğuz şəhər Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü liseyin komandası layiq görülüblər.
Qeyd edək ki, 1-ci yerə çıxan komanda yarışın region mərhələsində iştirak etmək hüququ qazanıb.
Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

