“Bakıda baş verən dəhşətli hadisə hər birimizi ciddi şəkildə düşündürməlidir. Belə ki, 2011-ci il təvəllüdlü məktəblinin üzərinə sinif yoldaşı tərəfindən spirt tökülərək alışqanla yandırılması ilə bağlı məlumat yayılıb. Hadisəni törədən 2010-cu il təvəllüdlü məktəblinin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir”.
“Tehsil365” xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu cür ağır və qəbuledilməz hadisənin məktəb mühitində baş verməsi artıq sadəcə fərdi hal deyil, cəmiyyət olaraq qarşılaşdığımız ciddi problemin göstəricisidir:
“Məktəb yalnız təhsil verilən yer deyil, həm də uşaqların davranışlarının, dəyərlərinin və münasibətlərinin formalaşdığı bir mühitdir. Bu mühitdə belə aqressiyanın ortaya çıxması xüsusi narahatlıq doğurur.
Valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Uşaqlarla düzgün ünsiyyət qurmaq, onların psixoloji vəziyyətini anlamaq, aqressiyanın səbəblərini vaxtında müəyyən etmək və qarşısını almaq son dərəcə vacibdir”.
Millət vəkili hesab edir ki, bu cür hallar normallaşdırıla bilməz:
“Bu cür hallar nə normallaşdırıla, nə də diqqətdən kənarda qala bilər. Uşaqlar arasında zorakılığın qarşısının alınması üçün təhsil müəssisələrində psixoloji dəstək mexanizmləri gücləndirilməli, maarifləndirmə işləri daha sistemli şəkildə aparılmalıdır.
Unutmamalıyıq ki, bu gün baş verən belə hadisələr sabah daha böyük fəsadlara yol aça bilər. Buna görə də hər birimiz bu məsələyə həssas yanaşmalı və cəmiyyət olaraq düzgün nəticələr çıxarmalıyıq”.
Qeyd edək ki, hadisə bu gün 286 nömrəli tam orta ümumtəhsil məktəbində baş verib. Bildirilib ki, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.
Yanıq xəsarətləri alan 2011-ci il təvəllüdlü yeniyetmə (oğlan) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

