Azərbaycan Dillər Universitetində Linqvokulturologiya kafedrasının təşkili ilə tədris prosesi çərçivəsində The Green Mile əsəri əsasında hazırlanmış Reading Guide üzrə interaktiv təlim keçirilib. Qeyd olunan vəsait Linqvokulturologiya kafedrasının filologiya üzrə fəlsəfə doktoru, dosent A. Səfərova və Azərbaycan ədəbiyyatı kafedrası nəzdində Beynəlxalq jurnalistika şöbəsinin filologiya üzrə fəlsəfə doktoru, dosent N. Məhərrəmovanın birlikdə əməkdaşlığı ilə tərtib edilmiş və müvafiq qaydada aprobasiyadan keçirilmişdir.
“Tehsil365” xəbər verir ki, "Auditoriyadan +" layihəsi olaraq təşkil edilən təlimdə əsasən İngilis və fransız dilləri fakültəsinin I kurs tələbələri iştirak ediblər. Tələbələr əsərin seçilmiş hissəsi üzərində iş aparıb, paralel olaraq The Green Mile filminə aid fraqmentləri izləyərək mövzunu daha dərindən mənimsəyiblər.
Təlim prosesində Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının müdiri, professor Vüsalə Ağabəyli və İngilis və fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva çıxış edərək müsair tədris metodlarının tədbiqinin, interaktiv dərs modelinin və bədii mətnin vizual materiallarla inteqrasiasının əhəmiyyətini vacibliyini vurğulayıblar.
"Auditoriyadan +" çərçivəsində olan təlimdə tələbələrin aktiv iştirakı, yeni söz ehtiyatı qazanmaları və müzakirələrdə sərbəst çıxış etmələri müşahidə olunub. İnteraktiv və metodiki baxımdan düzgün qurulmuş bu cür dərslər tələbələrin həm dil bacarıqlarının, həm də analitik düşünmə qabiliyyətlərinin inkişafına mühüm töhfə verir.
Layihənin növbəti mərhələsi bir daha göstərir ki, qarşılıqlı öyrənmə modeli tələbələrin inkişafında effektiv yanaşmadır. Bu model həm yuxarı kurs tələbələrinin pedaqoji bacarıqlarını formalaşdırır, həm də aşağı kurs tələbələri üçün daha əlçatan və maraqlı öyrənmə mühiti yaradır. Beləliklə, layihənin davamlı icrası ali təhsil mühitində innovativ yanaşmaların tətbiqinə, tələbələrin aktiv iştirakının təmin olunmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verməkdədir.

