Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının, Magistratura şöbəsinin və THİK-in təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri” çərçivəsində “Yaşıl həftə” layihəsinə start verilib.
“Tehsil365” xəbər verir ki, layihə 20–24 aprel tarixlərini əhatə edir və iqlim dəyişiklikləri, ətraf mühitin mühafizəsi, eləcə də davamlı inkişaf prinsiplərinin təbliği istiqamətində silsilə tədbirlərin keçirilməsini nəzərdə tutur.
“Yaşıl həftə”nin əsas məqsədi tələbələrdə ekoloji düşüncə tərzinin formalaşdırılması, qlobal iqlim problemlərinə qarşı həssaslığın artırılması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə marağın gücləndirilməsidir. Eyni zamanda layihə çərçivəsində davamlı inkişaf məqsədlərinin mahiyyəti və onların həyata keçirilməsində gənclərin rolu ön plana çəkilir.
Layihə çərçivəsində ilk tədbir 20 aprel tarixində keçirilib. Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri tərəfindən hazırlanmış müxtəlif əl işləri və tematik maketlərdən ibarət sərgi təşkil olunub. Sərgidə nümayiş etdirilən işlər iqlim dəyişikliklərinin təsirləri, alternativ enerji mənbələri, ekoloji balansın qorunması və “yaşıl şəhər” konsepsiyası kimi aktual mövzuları əhatə edib. Tələbələrin yaradıcılıq yanaşması və mövzuya həssas münasibəti təqdim olunan eksponatlarda aydın şəkildə öz əksini tapıb.
Sərginin açılış mərasimi Azərbaycan Dillər Universiteti-nin Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Həmidə Əliyeva, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli tərəfindən açılıb. Açılış zamanı çıxış edən qonaqlar belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb, gənclərin ekoloji məsələlərə cəlb olunmasının vacibliyini qeyd ediblər.
Sərgidə universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Onlar təqdim olunan işlərlə yaxından tanış olub, müəlliflərlə fikir mübadiləsi aparıb və müasir dövrdə ekoloji problemlərin həlli yolları ətrafında müzakirələr aparıblar.
Ümumilikdə, “Yaşıl həftə” layihəsinin ilk günü universitetdə ekoloji maarifləndirmənin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib. Növbəti günlərdə keçiriləcək tədbirlərin də bu istiqamətdə əhəmiyyətli töhfələr verəcəyi gözlənilir.

