Azərbaycan Dillər Universiteti (ADU)-da “Müasir geosiyasi reallıqlar və Cənubi Qafqazda sülh” mövzusunda hibrid formatda beynəlxalq dəyirmi masa keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirin moderatoru ADU-nun elm və innovasiyalar məsələləri üzrə prorektoru, professor, filologiya elmləri doktoru Həmidə Əliyeva olub.
Dəyirmi masanın əsas məqsədi müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklərin, xüsusilə Cənubi Qafqaz regionunda müşahidə olunan siyasi, iqtisadi və sosial proseslərin elmi təhlilinin aparılması, regionda davamlı sülhün təmin edilməsi yollarının müzakirəsi və əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi olub.
Tədbir çərçivəsində xarici qonaqlar mövzu ilə bağlı müxtəlif elmi yanaşmalar təqdim ediblər. Rumıniyanın Kluj şəhərində yerləşən İncəsənət Kollecinin müəllimi, PhD, əvvəllər ADU-nun Rumıniya Mərkəzinin direktoru olmuş İozefina Blaszani-Batto “Cənubi Qafqazda sülh zərurəti” mövzusunda çıxış edərək regionda sabitliyin beynəlxalq əhəmiyyətini vurğulayıb. O, sülhün davamlı inkişaf üçün əsas şərt olduğunu qeyd edib. Çıxışında müasir dövrdə rəqəmsal kommunikasiya və media narrativlərinin sülh proseslərinə təsirinə xüsusi diqqət çəkilib. Bildirilib ki, sosial media münaqişələri yalnız əks etdirmir, həm də onların qavranılmasını formalaşdırır. Eyni zamanda, təhsil və mədəni diplomatiyanın daha balanslı narrativlərin qurulmasında mühüm rol oynadığı vurğulanıb. O, diqqətin yalnız siyasi və sərhəd məsələlərinə deyil, həm də narrativlərin formalaşmasına yönəldilməsinin vacibliyini qeyd edərək çıxışını ADU-nun Rumın Dili və Mədəniyyəti Mərkəzindəki təcrübəsinin ona tamamlayıcı perspektiv qazandırdığını bildirərək yekunlaşdırıb.
Aleksandru İoan Kuza adına Yassi Universitetinin professoru Lüdmila Bejenaru isə “Cənubi Qafqazda turizmin inkişafı və sülh” mövzusunda çıxış edib. O, regionda sülhün turizmin inkişafı üçün əsas şərt olduğunu qeyd edərək, sabitliyin təhlükəsizlik, investisiya və səyahət imkanlarını genişləndirdiyini bildirib. Professor “Cənubi Qafqaz” vahid turizm brendinin formalaşdırılması, ortaq marşrutların yaradılması və “Transqafqaz xətti” kimi təşəbbüslərin inkişafı barədə təkliflər irəli sürüb. Onun sözlərinə görə, sülh şəraiti regionun üç ayrı ölkə deyil, vahid turizm məkanı kimi təqdim olunmasına imkan yaradır və bu da davamlı inkişafı stimullaşdırır.
Tədbirdə yerli alimlər də mövzu ətrafında elmi məruzələrlə çıxış ediblər. ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Zəngəzur dəhlizi – Cənubi Qafqazda sülhün təminatı kimi” mövzusunda çıxış edərək nəqliyyat-kommunikasiya layihələrinin regionun geosiyasi və geoiqtisadi əhəmiyyətinə təsirini vurğulayıb. O, Orta dəhlizin alternativ imkan kimi regional rifaha təsirini qeyd edib.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Aysel Bağırova isə “Cənubi Qafqazda sülh prosesinə beynəlxalq yanaşma” mövzusunda çıxış edərək beynəlxalq hüquq normaları çərçivəsində regiondakı prosesləri təhlil edib, dövlət siyasətinin əsas prioritetlərini diqqətə çatdırıb.
Dəyirmi masa çərçivəsində aparılan müzakirələr Cənubi Qafqazda davamlı sülhün təmin olunması, regional əməkdaşlığın genişləndirilməsi və mövcud problemlərin elmi əsaslarla həlli baxımından mühüm əhəmiyyət kəsb edib. Tədbir müxtəlif elmi yanaşmaların təqdim olunması və beynəlxalq təcrübə mübadiləsi üçün səmərəli platforma rolunu oynayıb və səmərəli müzakirələrlə başa çatıb.

