Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Türkiyəyə həyata keçirdiyi işgüzar səfər çərçivəsində Ankara və Düzce şəhərlərində yerləşən aparıcı ali təhsil müəssisələrində yüksəksəviyyəli elmi-akademik görüşlər keçirib.
“Tehsil365” xəbər verir ki, səfərin əsas məqsədi Azərbaycan–Türkiyə ali təhsil məkanında elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, innovasiya yönümlü akademik mühitin gücləndirilməsi və Türk dünyası universitetləri arasında elmi inteqrasiyanın dərinləşdirilməsi olub.
Səfər çərçivəsində nümayəndə heyətinin ilk görüşü Qazi Universitetində olub.
Görüşdə tərəflər arasında mövcud elmi və institusional əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub. Xüsusilə süni intellekt, rəqəmsal transformasiya, mühəndislik elmləri və tətbiqi texnologiyalar sahəsində birgə tədqiqatların təşkili, ortaq elmi laboratoriyaların yaradılması və ikili diplom proqramlarının formalaşdırılması məsələləri diqqət mərkəzində olub.
Müzakirələr zamanı Mingəçevir Dövlət Universitetini təmsil edən nümayəndə heyətinin tərkibində Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru Aidə Mustafayeva, Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri Samirə Əhmədova və Humanitar fənlər kafedrasının dosenti Asim Məmmədov geniş fikir mübadiləsi aparıblar. Ortaq elmi rəhbərlik mexanizmlərinin tətbiqi və birgə elmi nəşrlərin təşviqi istiqamətində razılıqlar əldə olunub.
Səfərin növbəti mərhələsində nümayəndə heyəti Düzce Universitetində olub.
Burada keçirilən görüşlər turizm, iqtisadiyyat, mühəndislik və rəqəmsal innovasiyalar sahələrində tətbiqi tədqiqatların inkişafı baxımından əhəmiyyətli nəticələrlə yadda qalıb.
Düzce Universitetinin müasir elmi-tədqiqat infrastrukturu, texnoloji laboratoriyaları və universitet–sənaye inteqrasiyasına əsaslanan innovasiya modeli ilə tanışlıq zamanı elmi əməkdaşlığın praktik yönümlü inkişafı, bilik transferi və tətbiqi tədqiqatların genişləndirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, iki universitet arasında elmi-tədqiqat əməkdaşlığının institusional əsasda möhkəmləndirilməsi, ortaq beynəlxalq konfransların təşkili, elmi məqalələrin birgə hazırlanması və innovasiya ekosistemlərinin inteqrasiyası istiqamətində konkret razılaşmalar əldə olunub.

