Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi tanınmış Azərbaycan yazıçısı Mənzər Niyarlının (Hüseynova) “Salidə Şəmmədqızının bədii yaradıcılığı” adlı monoqrafiyası “GlobeEdit” akademik nəşriyyatında çap edilib.
“Tehsil365” xəbər verir ki, üç fəsildən ibarət olan monoqrafiyada Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, yazıçı, ədəbiyyat nəzəriyyəçisi Salidə Şəmmədqızının (Şərifova) elmi və bədii yaradıcılığı geniş tədqiq obyektinə çevrilərək təqdim edilir.
Monoqrafiyada Salidə Şəmmədqızının ədəbiyyatşünaslıq fəaliyyəti ilə yanaşı, satirik nəsrinin janr xüsusiyyətlərinə, özünü göstərən bədii refleksiyaya, bədii və elmi janrların qarışıqlığına, postmodern, yumor, sarkazm və s. kimi məqamlara aydınlıq gətirilir. Müəllif Salidə Şəmmədqızının bədii yaradıcılığında Sabir satirasının ənənələrini davam etdirməsini “Ədəbiyyatşünas və yazıçı Salidə Şəmmədqızı (Salidə Şərifova)”, “Salidə Şəmmədqızının kiçik nəsrinin janr xüsusiyyətləri”, “Salidə Şəmmədqızının nəsrində Sabir satirasının ənənələri” adlı fəsillərdə tədqiq edir.
Tədqiqat əsəri Salidə Şəmmədqızının həm ədəbi fenomen kimi, həm də elmi və bədii yaradıcılığı ilə dünya oxucularına yaxından tanış olmaq imkanı yaradır.

