AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın doktorant və dissertantları, gənc alim və mütəxəssisləri üçün “Azərbaycan elmi: humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusunda ustad dərsi keçib.
AMEA-dan “Tehsil365” ə bildirilib ki, tədbir Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin və Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin moderatoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə bildirib ki, Akademiyada ilk dəfə təşkil olunan ustad dərsinin əsas məqsədi bu mövzu ətrafında fikir mübadiləsi aparmaq, yeni yanaşmaları birlikdə öyrənməkdir.
Akademik İsa Həbibbəyli ustad dərsində “Azərbaycan” adının etimologiyası, XIX əsrin ikinci yarısından başlayaraq ziyalılarımızın milli oyanış və milli-mənəvi özünüdərk istiqamətində fəaliyyətləri, milli kimliyin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin rolu, görkəmli dövlət xadiminin azərbaycançılıq siyasəti, Azərbaycan dilinin qorunması ilə bağlı gördüyü işlər, habelə sənaye inqilabları və onların çağırışları, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə rəqəmsal cəmiyyət quruculuğuna dair atılan addımlar, humanitar və ictimai elmlərin vəzifələri, AMEA-da son illərdə aparılan tədqiqatlar haqqında danışıb.
AMEA rəhbəri ustad dərsinin sonunda Məmməd Aslanın “Mənim ürəyimdə” şeirini səsləndirib, iştirakçıların suallarını cavablandırıb.
Daha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən gənclərə kitablar hədiyyə olunub.

