Aprelin 21-də Bakı Kitab Mərkəzində Azərbaycan ictimai-siyasi və mədəni həyatında silinməz iz qoymuş, “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə həsr olunmuş “Özünə sadiq ömür: Anarsız 15 il” adlı tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə ictimai xadimlər, mədəniyyət sahəsinin tanınmış simaları, Anar Məmmədxanovu yaxından tanıyan şəxslər, eləcə də media nümayəndələri iştirak ediblər.
Görkəmli ictimai xadimin vəfatının 15-ci ildönümü münasibətilə təşkil olunan tədbirin əsas məqsədi Anar Məmmədxanovun zəngin həyat yolunu, yaradıcılıq irsini, Azərbaycan gəncliyinə, yumor mədəniyyətinə və ictimai həyata verdiyi töhfələri bir daha xatırlatmaq və bu irsi gələcək nəsillərə çatdırmaq olub.
“Xəzər” Media Mərkəzinin baş direktoru Murad Dadaşov çıxışında Anar Məmmədxanovla bağlı xatirələrini bölüşərək onunla olan dostluq münasibətlərindən danışıb. O qeyd edib ki, Anar Məmmədxanov yalnız səhnədə deyil, real həyatda da insanları birləşdirməyi bacaran, pozitiv enerjisi ilə seçilən bir şəxsiyyət idi.
Mərhumun həyat yoldaşı İradə Məmmədxanova çıxış edərək onun ailə dəyərlərinə sadiqliyindən, insani keyfiyyətlərindən və hər zaman yaxınlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, Anar Məmmədxanov ailəsi üçün dərin mənəviyyata malik bir insan idi.
Xalq yazıçısı Elmira Axundova çıxış edərək Anar Məmmədxanovun həyatına həsr olunmuş "Anar Məmmədxanov. Kapitanın taleyi” kitabı barədə məlumat verib. O qeyd edib ki, kitab müxtəlif insanların xatirələri əsasında formalaşıb və Anarın həyat yolunu daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.
Milli Məclisin deputatı Səməd Seyidov çıxışı zamanı Anar Məmmədxanovun dərin vətən sevgisindən, yüksək intellektindən və təşkilatçılıq bacarıqlarından danışaraq onun Azərbaycan ictimai həyatında xüsusi yer tutduğunu vurğulayıb. O qeyd edib ki, Anar Məmmədxanov kimi şəxslər insanların xatirəsində daim yaşayır.
Anar Məmmədxanovun oğlu İslam Məmmədxanov çıxışında atasının vətənə bağlılığından söz açaraq onun hər zaman Azərbaycanın adını uca tutmağa çalışdığını bildirib. O, atasının irsinin ailələri üçün böyük məsuliyyət olduğunu qeyd edib.
Milli Məclisin deputatı Asim Mollazadə və Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də çıxış edərək Anar Məmmədxanovun zəngin irsindən, ictimai fəaliyyətdəki rolundan və cəmiyyət üçün gördüyü işlərdən bəhs ediblər. Onlar onun şəxsiyyətinin həm peşəkar, həm də insani baxımdan nümunə olduğunu vurğulayıblar.
"Anar Məmmədxanov. Kapitanın taleyi” kitabının tərcüməçisi Rəbiqə Nazimqızı çıxışı zamanı Anar Məmmədxanovun əzmkarlığından danışıb. O bildirib ki, onun düşüncə dərinliyi və insani keyfiyyətləri bu gün də yaşayır və böyük hörmətlə xatırlanır.
Tədbir çərçivəsində Anar Məmmədxanova həsr olunmuş film nümayiş olunub.
Sonda çıxış edən incəsənət nümayəndələri Anar Məmmədxanov haqqında xatirələrini bölüşərək onun Azərbaycan mədəniyyətindəki əvəzsiz rolunu xüsusi olaraq vurğulayıblar. Onlar qeyd ediblər ki, Anar Məmmədxanovun yaratdığı ruh və enerji bu gün də yaşayır və yeni nəsillərə ilham verir.

