Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimovun rəhbərliyi ilə bəstəkar Gennady Rovnerin əsərlərindən ibarət möhtəşəm konsert proqramı baş tutub.
Filarmoniyadan “Tehsil365"ə bildirilib ki, konsertin əvvəlində Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova bəstəkarın yaradıcılığı və təqdim ediləcək əsərlər haqqında ətraflı məlumat verib.
Proqramın birinci hissəsində bəstəkarın “Metamorfozlar” əsəri (doqquz hissədə) səsləndirilib. İfa zamanı dinləyicilər əsərin dərin fəlsəfi məzmunu və zəngin musiqi dili ilə yaxından tanış olublar. Əsərdə solistlər – Nəzrin Aslanlı (violin), Nigar Cəfərova (soprano), həmçinin solo partiyalarda Zaman Həsənov (alt saksofon) və Boris Paşkin (akkordeon) uğurlu çıxışları ilə fərqləniblər.
Konsertin ikinci hissəsində bəstəkarın piano, simli kvartet və orkestr üçün “Anabasis” əsərinin dünya premyerası təqdim olunub. Dörd hissədən ibarət bu əsər musiqisevərlər tərəfindən böyük maraq və alqışla qarşılanıb. Solist qismində pianoçu Murad Adıgözəlzadə çıxış edib. Simli kvartetin tərkibində Şəhla İbrahimova və Nigar Vəliyeva (violin), Bəxtiyar Axundov (viola) və Əyyub Əliyev (violonçel) yer alıblar.
Gecə yüksək peşəkarlıqla təqdim olunan ifalar, müasir musiqi üslubunun parlaq nümunələri və dünya premyerası ilə yadda qalıb.
Konsert dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

