“Zəkaların mübarizəsi” olimpiadasının Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunan paytaxt məktəbləri üzrə regional mərhələsi keçirilib. Bu mərhələdə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri olimpiadanın bilik yarışı kateqoriyasında mübarizə aparıblar.
“Tehsil365“ xəbər verir ki, BŞTİ-dən bildirilib ki, paytaxtdakı 6 nömrəli məktəb-liseydə təşkil olunan tədbir xor qrupunun ifasında Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
İştirakçılara uğurlar arzulayan BŞTİ-nin müdir müavini Fəttah Fəttayev olimpiadanın məqsədləri barədə ətraflı məlumat verib, istedadlı şagirdlərin aşkarlanması və onların gələcək inkişafına dəstək göstərilməsi baxımından əhəmiyyət daşıdığını söyləyib. Müdir müavini intellektual yarışların gənclərin analitik düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynadığını, innovativ yanaşmanı təşviq etdiyini və ölkənin gələcək kadr potensialının formalaşmasına töhfə verdiyini vurğulayıb.
Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.
Daha sonra regional mərhələyə vəsiqə qazanmış 12 komanda riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla 5 müxtəlif istiqamət üzrə 25 sualı cavablandırıblar.
Olimpiadanın regional mərhələsində uğur qazanan Nərimanov, Yasamal, Səbail, Nizami və Xəzər rayonlarının komandaları respublika mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası regional və respublika mərhələlərindən, hər mərhələ isə bilik və şahmat üzrə yarışlardan ibarətdir. Olimpiadanın regional mərhələsinin şahmat üzrə yarışının yaxın günlərdə keçirilməsi nəzərdə tutulur.

