“Şagirdlərin uğursuzluğunda əsas məsuliyyət valideynin üzərinə düşür. Uşaq evin aynasıdır və evdə gördüyünü cəmiyyətə yansıdır.”
Bu sözləri "Tehsil365"ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
O bildirib ki, uşağın tərbiyəsi ilk növbədə ailədə formalaşır. Onun sözlərinə görə, evdə şiddət, münaqişə və hörmətsizlik mühiti varsa, bu, uşağın şüuraltına təsir edir və sonradan onun davranışında özünü göstərir.
Ramin Nurəliyev qeyd edib ki, bu cür hallar məktəb mühitində də uşağın psixoloji vəziyyətinə təsir edir və travmatik izlər buraxa bilər. Buna görə də valideynlər övladlarının düzgün tərbiyəsinə xüsusi diqqət yetirməlidirlər.
Ekspert əlavə edib ki, tədris sistemində məktəbin də rolu böyükdür. Onun fikrincə, düzgün qurulmuş təhsil sistemi və müəllim yanaşması şagirdin inkişafında mühüm əhəmiyyət daşıyır.
Sonda o vurğulayıb ki, uşağın formalaşmasında əsas məsuliyyət valideyndən başlasa da, bu prosesdə məktəb də aktiv rol oynamalıdır.

