Azərbaycanın həm elm, həm də mədəniyyət tarixində özünəməxsus yer tutan İzzət Mirzəağa qızı Orucova 16 sentyabr 1909-cu ildə Bakıda anadan olub.
“Tehsil365” xəbər verir ki, O, ölkənin ilk milli kinoaktrisası kimi tanınmaqla yanaşı, görkəmli kimyaçı alim kimi də böyük uğurlara imza atıb.
İzzət Orucova gənc yaşlarında kinoya gəlib və Azərbaycan kinosunun formalaşdığı ilk dövrlərdə çəkilən filmlərdə iştirak edərək milli ekran sənətinin inkişafına mühüm töhfə verib. Onun ifa etdiyi obrazlar kino tarixində xüsusi yer tutur.
Sonrakı illərdə o, fəaliyyətini elm sahəsində davam etdirərək kimya üzrə ixtisaslaşıb və ciddi elmi nailiyyətlər əldə edib. 1962-ci ildə texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülən alim, 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilib.
İzzət Orucovanın elm sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş və 1964-cü ildə ona “Azərbaycan SSR əməkdar elm və texnika xadimi” fəxri adı verilib. O, elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan qadınlarının elmə və mədəniyyətə töhfələrinin simvoluna çevrilib.
Görkəmli alim və sənətkar 22 aprel 1983-cü ildə Bakıda vəfat edib. İzzət Orucova bu gün də həm elmdə, həm də incəsənətdə uğur qazanmış nadir şəxsiyyətlərdən biri kimi hörmətlə yad olunur.

