“İnsan yalnız məlumat toplayır, lakin bu məlumatdan necə istifadə etməyi, düzgün qərar verməyi və etik davranmağı bilmirsə, həmin bilik böyük ölçüdə öz dəyərini itirir. Məsələn, savadlı, amma məsuliyyətsiz və empatiyadan uzaq bir insan cəmiyyət üçün faydalı ola bilməz.”
Təhsil eksperti Emma İbrahimova “Tehsil365”ə açıqlamasında təhsilin əsas məqsədi ilə bağlı mühüm fikirlərini bölüşüb. Ekspertin sözlərinə görə, bilik təhsilin vacib tərkib hissəsi olsa da, bu, təkbaşına kifayət deyil.O, qeyd edir ki, müasir dövrdə təhsil yalnız bilik ötürməklə kifayətlənməməli, eyni zamanda şəxsiyyət formalaşdırılmasına da xidmət etməlidir.
Emma İbrahimova vurğulayır ki, təhsildə əsas prioritetlərdən biri şəxsiyyətin formalaşdırılmasıdır. Onun fikrincə, bu prosesə məsuliyyət hissi, dürüstlük, etik dəyərlərə bağlılıq, tənqidi düşüncə və cəmiyyətə faydalı olmaq istəyi kimi keyfiyyətlər daxildir.
“Müasir dünyada uğurlu olmaq üçün yalnız faktları bilmək kifayət etmir. İnsan eyni zamanda sağlam münasibətlər qurmağı, problemləri həll etməyi və düzgün qərarlar verməyi bacarmalıdır,” – deyə ekspert əlavə edib.
O, həmçinin qeyd edir ki, hazırda bəzi hallarda təhsil sistemi daha çox bilik ötürməyə yönəlib və bu da müəyyən problemlərə yol açır:
“Təəssüf ki, cəmiyyətimizdə baş verən bəzi hadisələr göstərir ki, təhsildə şəxsiyyət inkişafı arxa planda qalır. Halbuki müəllimlər və təhsil müəssisələri hər bir şagirdə ilk növbədə şəxsiyyət kimi yanaşmalıdır.”
Ekspertin fikrincə, düzgün yanaşma tətbiq olunarsa, həm təhsilin keyfiyyəti artar, həm də cəmiyyətdə müsbət dəyişikliklər baş verər:
“Əgər biz insanları şəxsiyyət kimi formalaşdıra bilsək, onlar təhsilin dəyərini daha yaxşı anlayacaq, həm öyrəndiklərinə, həm də onları öyrədənlərə hörmətlə yanaşacaqlar. Bu isə cəmiyyətdə və məktəblərdə baş verən xoşagəlməz halların qarşısının alınmasına da müsbət təsir göstərə bilər.”

